AZE | RUS | ENG |


Təbəssümlə pedal fırladan xanımlar - Fotolar

Təbəssümlə pedal fırladan xanımlar - Fotolar
Yalnız xanımların qatıldığı velo-turdan reportaj

Hər ayın sonuncu bazar günü yalnız xanımların iştirak edə biləcəyi velo-tur təşkil edilir. Bu dəfə də "Velo təlim Səhərlə” feysbuk səhifəsi adəti üzrə elan verib, görüş yerini, saatını yazıb, velosiped sürə bilən, bu həvəsdə olan və ən əsası, turda iştirak etmək istəyən xanımları dəvət etdi. Dəvətdən biz də bir pay öz üzərimizə götürüb, qeyd edilən ünvana yollandıq, deyilən vaxt orda olduq.
 
"Hündürdaban ayaqqabı ilə velosiped sürmək olar?”
 
Bir neçə xanım bizdən əvvəl gəlmişdi. Vaxt yetişdikcə bütün xanımlar toplaşmağa başladı. Düzü, velosiped sürmək deyəndə fikirləşdim ki, ancaq idman formasında gələcəklər, amma bizi yanıldan xanımların sayı da az olmadı... Yubka və donlarla da velosiped sürməyə iddia edənlər varıydı. Beləliklə, 20-dən çox xanım yığışdı. Hər kəsin gözü turun başlaması üçün tədbiri təşkil edən, velotəlimçi Səhər Mehmanı axtarırdı. Bir qədər geciksə də, nəhayət o da gəldi. Qırmızı don, hündürdaban ayaqqabıda… Turda ilk dəfə iştirak edən xanımlar hətta "hündürdaban ayaqqabı ilə velosiped sürmək olar?” kimi sualları bir-birinə verməyə başladılar. 
 
 

"Təbəssümlə pedallayacağıq”
 
S.Mehman öncə çıxış etdi, gələn xanımları salamlayıb, tur haqqında məlumat verdi. Bildirdi ki, bu turun təşkil edilməsində məqsəd hər kəsi bir araya toplamaq və xoş həftə sonu keçirməkdir: "Eyni zamanda, 22 sentyabr Ümumdünya Avtomobilsizlər Günü kimi qeyd olunur. Biz də öz növbəmizdə bu gün - 24 sentyabrda avtomobilə yox deyib, təbəssümlə pedallayacağıq. Məqsədimiz sağlamlıqla zərifliyin vəhdətini aşılamaq və şəhərdə maşın tüstüsü əvəzinə xanımlarımızın gözəl ətrinin yayılmasına nail olmaqdır. Əsas məqsəd xanımları sağlam həyat tərzinə cəlb etməkdir”.
 
 

Niyə məhz xanımlar?
 
Bəs niyə turda ancaq xanımlar iştirak edir? Bu sualı verənlər də çoxdur. Təlimçi xanım bu suala da aydınlıq gətirdi: "Hər ayın sonuncu bazar günü bulvar ərazisində bizim velo-tur baş tutur. Turda ancaq xanımlar iştirak edə bilər. Bəzən niyə məhz xanımlar, niyə bəylər iştirak etmir deyə suallar verilir. Buna da toxunmaq istəyirəm. Bizdə müəyyən mentalitet qaydaları var. Bəylər onsuz da istədiyi vaxt sürə bilirlər. Amma xanımlar çətinlik çəkir. Müəyyən çərçivə içində yaşayan xanımlar var. Ona görə də xanımların tam rahat olması üçün belə bir addım atdıq. Müəyyən mərhələdən sonra növbəti turlarda bəylər də iştirak edə bilər. Amma hazırda xanımların bəylərlə birgə sürə bilməsi üçün təcrübəsi çox azdır. Maarifləndirmə işi apardıqdan sonra birlikdə tur olacaq. Başlanğıc üçün belə olması lazım idi”.
 
 

S.Mehman onu da qeyd etdi ki, tura qatılmaq üçün yaş məhdudiyyəti yoxdur.
 
Turun başlamasını hər kəs səbirsizliklə gözləyirdi. Ləngimənin səbəbi isə velosipedsiz xanımlar üçün velosiped gətirilməsi idi... Çox keçmədən velosipedlər gətirildiyi üçün tura başlamaqda elə bir problem qalmadı. Hər kəs velosipedinə minir və yol alırlar. Xanımlar velo-tur çərçivəsində  Kukla Teatrının yanından başlayıb, Su İdman Mərkəzi tərəfə getməli və geri qayıtmalıdırlar. Necə həvəs və gülər üzlə başlamışdılarsa, elə böyük enerji ilə də geri döndülər.
 
"İşdən sonra velosiped sürməyə gəlirəm”
 
Turda iştirak edən xanımlar bir-birlərilə qaynayıb-qarışmışdılar. İlk dəfə iştirak etsələr belə, artıq tanış olmağa başlayıb, söhbətləşirdilər. Biz də onlardan bir neçəsi ilə söhbətləşib təəssüratlarını öyrəndik. Mehriban İsmayılova hər dəfə bu turda iştirak edən xanımlardandır. Deyir ki, hər dəfə qatılmağına səbəb gözəl təəssürat almasıdır: "Tur olmayanda da, axşam işdən sonra velosiped sürməyə gəlirəm. Axşamlar və səhərlər bir-iki saat sürürəm. Velosiped həm də sağlamlıq üçün çox vacibdir. Aprel ayından başlamışam. Turun üstünlüyü odur ki, burada yeni insanlar tanıyırsan. Evdə oturmaqdan heç nə çıxmır”.
 
Mehriban xanım deyir ki, Bakıda velosiped üçün ayrıca yolun olmaması bu nəqliyyat növündən istifadəni çətinləşdirir: "Maşın yolunda ümumiyyətlə, sürə bilmirik, həm də təhlükəli olduğuna görə risk etmirəm. Düzdür, maşın yolunda velosiped sürənlər var. Amma ayrıca velosiped yolumuz olsa yaxşı olardı, rahat istifadə edə bilək”.
 
 
 
"İşə velosipedlə gedirəm”

Nuray İsmayılova nəinki tura qatılır, eyni zamanda işə də velosipedlə gedib-gəlir: "Velosipedi sürməyi iki-üç il bundan əvvəl öyrənmişəm. Əvvəllər müntəzəm şəkildə maraqlanmırdım. Keçən aydan başlayaraq davamlı velosiped sürürəm. İş yerim evimə yaxın olduğu üçün velosipedlə gedirəm. Maşın yoluna çıxmağa ehtiyac olmur. Düzü, buna cəsarət də etmirəm. Evlərin, binaların arası ilə işə gedib-gəlirəm. Arada bazar günləri təşkil olunan velo-turlara da qoşuluram. Bulvarda tək də sürə bilirəm. Amma başqa velosipedçilərlə birlikdə sürmək mənə görə daha maraqlı olur. Həm də tur sayəsində yeni insanlar tanımış oluram. Ümumiyyətlə, turlarda  vaxt daha maraqlı keçir. Hər dəfə olmasa da, vaxt tapan kimi tura qoşulmağa çalışıram”.

Velosiped sürməyi əslində çox xanım istəyir. Amma bir qisim öyrənərkən yıxılmaqdan, zədə almaqdan qorxur. Zəminə Nəsibova da bu yolu çətinliklə keçib, indi velosiped sürməkdən zövq alır: "Adətən, bağda sürürəm. İki ildir ki, velosiped sürürəm. Bir-iki dəfə yıxıldığıma görə əvvəllər qorxurdum. Sonradan öyrəndim. Öyrəndiyim vaxt dizlərim qanadı... Tura ilk dəfədir ki, qoşuluram. Təəssüratım çox yaxşıdır. İlk dəfə olduğu üçün həyəcan da oldu, amma maraqlıdır”.
 
 

Həm əyləncəli, həm sağlam həyat tərzini dəstəkləyən...

Turda diqqət çəkən simalardan biri də Ayla Abbasova idi. Çünki o, tək yox, balaca qızları ilə gəlmişdi. Qızlar da fərqli aləmə düşmüşdülər kimi analarına tez-tez suallar verirdilər. Biz də yaxınlaşıb Ayla xanımla söhbətləşdik. O bildirdi ki, 20 ilə yaxındır velosiped sürür, indi qızlarına da öyrədir: "Qızlarımın birinin 8, digərinin 9 yaşı var. Özüm velosiped sürməyi sevirəm və qızlarıma da öyrətməyə çalışıram. Düzdür, kiçik qızım hələ tam sürməyi bacarmır. Amma böyük qızım 4 yaşından sürməyi öyrənib”.

Ayla xanım tura birinci dəfədir qoşulur. Deyir ki, xoşuna gəlib: "Tur haqqında eşitdim və diqqətimi çəkdi. Çox xoşuma gəldiyini deyə bilərəm. Həm əyləncəli, həm sağlam həyat tərzini dəstəkləyən, həm də bazar gününü səmərəli şəkildə keçirmək üçün əla məşğuliyyətdir”.

Təbii ki xanımlar bir yerdədirsə, bu görüş tək velo-turla bitə bilməzdi. Hətta öncədən də Səhər xanım bildirmişdi ki, turdan sonra kimin vaxtı və həvəsi olsa çay süfrəsi ətrafında onlara yoldaş ola bilər. Və çay süfrəsi ətrafında da xanımlar bir araya gəldilər. Çay içə-içə tur çərçivəsində daha nələr etmək olar tipli söhbətlər oldu, hərə öz təklifini verdi.

Aygün Asimqızı
Şəbnəm Mehdizadə
 
 











Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6853
GBP 1 İngilis funt sterlinqi 2.2538
TRY 1 Türk lirəsi 0.4659
KWD 1 Küveyt dinarı 5.6320
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0028
CHF 1 İsveçrə frankı 1.7405
USD 1 ABŞ dolları 1.7003